Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Antalya toplanışındakı ilk sınaq “İC Santai” Futbol Mərkəzində baş tutub.
“Qırmızı-qaralar” burada Polşa təmsilçisi “Zaqlembe” ilə görüşüb. Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Super Kuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. “Qəbələ”nin rəqibi 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi “Viləş”i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. Ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.
Bu komanda ilə oyun qəbələlilər üçün yaxşı başlayıb. Belə ki, oyunda hesabı da məhz Azərbaycan təmsilçisi açıb. Amma polşalılar qalan dəqiqələrdə buraxılan qolun əvəzini artıqlamasıyla çıxa biliblər. Bütövlükdə üç qolun qeydə alındığı oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
18 yanvar
Qəbələ – Zaqlembe 1:2
Baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib: Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Asif Məmmədov, Stefan Vukçeviç, Fernan Lopes, Rafael Utziq, Rövlan Muradov, Ülvi İskəndərov.
Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq əyalət təmsilçisi yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə, 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək


