“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalan hissəsinin hazırlığına bu gün start verib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ”la dekabrın 21-də keçirilmiş oyunundan sonra istirahətə buraxılmış komanda bir araya gəlib. “Qırmızı-qaralar” qış təlim-məşq toplanışına Qəbələdə başlayıb.
2026-cı ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığın Qəbələdə təşkil olunmuş birinci mərhələsi yanvarın 13-dək davam edəcək. “Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək. Toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək komanda yanvarın 10-da “Kəpəz”lə, 14-də “Araz Naxçıvan”la, 18-də “Baku Sportinq”lə üz-üzə gələcək.


