“Qəbələ” “Kəpəz”ə yoxlama matçında 3 qol vurdu

Premyer Liqa təmsilçisi “Qəbələ” 2025/2026-cı illər mövsümünün ikinci hissəsinin hazırlığı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” “Kəpəz”lə qarşılaşıblar.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. İlk yarının ortalarında iki qol vuran meydan sahibləri fasiləyə üstünlüklə yollanıblar. Öncə Domi Massumu, ardınca İsmahil Akinade rəqib qapısına yol tapıb.

İkinci hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. “Qəbələ”nin üçüncü qoluna Qədir Ramazanov imza atıb. “Kəpəz”in yeganə qolunu isə penaltidən dəqiq yararlanmış yaponiyalı Ryonosuke Ohori vurub.

Beləliklə, Qəbələnin eyniadlı təmsilçisi 2026-cı ildəki ilk oyununda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək “qırmızı-qaralar” yanvarın 14-də “Araz Naxçıvan”la qarşılaşacaq. Sonuncu oyunda isə bu komanda ayın 18-də “Baku Sportinq”lə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: