Yeni mövsümə hazırlığını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyə toplanışı çərçivəsində yerli “Qaziantep”lə üz-üzə gəlib.
Super Liqada çıxış edən Qaziantep təmsilçisi ilə oyun Bolu şəhərində təşkil olunub. Xatırladaq ki, “Qaziantep” Türkiyə çempionatını ötən mövsüm 15-ci pillədə başa vurub. Azərbaycan təmsilçisi isə Premyer Liqanı 4-cü sırada bitirib.
Bu rəqiblə oyun qəbələlilər üçün uğursuz alınıb. Komandamız 7-ci dəqiqədə buraxdığı erkən qolla məğlub duruma düşüb. Meydan sahibləri 66-cı dəqiqədə daha bir qol vurublar. Elmar Baxşıyevin yetirmələri yalnız 70-ci dəqiqədə təsəlli qolunu vurmağı bacarıblar. Ülvi İsgəndərov hesab arasındakı fərqi azaldıb.
Xatırladaq ki, “Qəbələ” Boludakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirməyi planlaşdırır. Azərbaycan təmsilçisi iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.
Yoxlama oyunu
5 iyul
Qəbələ – Qaziantep 1:2
Qollar: Papi Djilobodji, 7. Aleksandru Maksim, 66 – Ülvi İsgəndərov, 70.
Elmar Baxşıyev bu oyunda aşağıdakı heyətə güvənib: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 5. Ruan Renato, 27. Məqsəd İsayev, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 97. Felipe Santos, 23. Rafael Utziq, 7. Rövlan Muradov, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşəli, 20. Rauf Rüstəmli, 12. Rüfət Əhmədov, 33. Hüseyn Mürsəlov, 74. Süleyman Damadayev, 44. Salman Ələsgərli, 36. Elməddin Sultanov.


