Milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilədən istifadə edən “Qəbələ” bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” ölkəmizdə təlim-məşq toplanışında olan Yaponiyanın 20 yaşadək futbolçulardan ibarət yığması (U-20) ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb. Hər hissəsində iki qolun vurulduğu matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinin heyətində yeganə qolu Xəyyam Məmmədli vurub.
Xatırladaq ki, əyalət təmsilçisi daha öncə 1-ci Liqada mübarizə aparan “Karvan” ilə də yoxlama oyunu keçirmişdi. Həmin görüşdə qapılara qol vurulmamışdı.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. Oktyabrın 10-da Sumqayıtda keçiriləcək bu oyuna saat 19:30-da start veriləcək.


