Qabriel Barboza futboldan kənarlaşdırıldı – dopinqə görə

“Flamenqo” və Braziliya millisinin hücumçusu Qabriel Barboza antidopinq qaydalarını pozduğuna görə 2 il müddətinə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə “Clarin” dərgisinə istinadən məlumat verir.

Braziliya İdman Prokurorluğu hücumçunu 2023-cü il aprelin 8-də “Flamenqo” məşq mərkəzində dopinq müayinəsinin keçirilməsinə mane olmaqda ittiham edib. İlk məhkəmə prosesi martın 20-də baş tutub. Barboza videolink vasitəsilə ifadə verib.

Hücumçunun 2 il müddətinə diskvalifikasiya edilməsi barədə qərarı İdman Antidopinq Məhkəməsi verib. İdarə Heyətinin 9 üzvündən 5-i Milan “İnter”inin keçmiş futbolçusunun diskvalifikasiyasına səs verib. Qabriel Barboza cəzasını 2024-cü ilin aprelindən çəkməyə başlamalıdır.

Vurğulanır ki, təqsirkar diskvalifikasiya ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayətlə müraciət edəcək.

Qabriel Barboza “Santos”un yetirməsidir. Braziliyalı hücumçu karyerası ərzində “İnter” və “Benfika”da çıxış edib. 2020-ci ilin yanvarında “Flamenqo” Barbozanı 17,50 milyon avro məbləğ müqabilində “İnter”dən öz heyətində transfer edib. Barbozanın “Flamenqo” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qabriel Barboza “Flamenqo”nun heyətində 8 oyuna 2 qol ilə fərqlənib.

Qabriel Barboza 2016-cı ilin mayında debüt ediyi Braziliya millisinin heyətində 18 oyun keçirib, 5 qol vurub.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.