Qabriel Martinelli 2027-ci ilə qədər “Arsenal”da!

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri olan “Arsenal” klubu yarımmüdafiəçisi Qabriel Martinelli ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2024-cü ilin yayına qədər idi.

Qabriel Martinelli 2019-cu ilin iyul ayında 7.1 milyon avro qarşılığında Braziliyanın “İtuano” klubundan “Arsenal”a transfer olunub. Bu mövsüm Premyer Liqada 19 oyuna 7 qol vurmuş sol cinah vingeri, “topçular”ın heyətində bütövlükdə 111 oyun keçirib. O, bu matçlarda 25 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

“Arsenal” digər yarımmüdafiəçisi Albert Sambi Lokonqanı isə “Kristal Pelas”a icarəyə verib. Belçikadan olan 23 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb. “Anderlext”in yetirməsi olan Lokonqa, 2021-ci ilin iyul ayında 17.5 milyon avro qarşılığında “Arsenal”a keçib. O, bu komandada 39 matça çıxsa da, məhsuldar göstəricisi yoxdur. Yarımmüdafiəçi Belçika milli komandasında da bir oyun keçirib.

Yeri gəlmişkən, “Kristal Pelas” Almaniyanın “Ştutqart” klubundan Nauiru Ahamadanı da transfer edib. Premyer Liqa klubu bu transfer üçün 12 milyon avro ödəyib. Fransadan olan 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Nauiru Ahamada İtaliyanın “Yuventus” klubunun yetirməsidir. O, 2020-ci ilin oktyabr ayında məhz Turin təmsilçisindən icarə əsasında “Ştutqart”a keçib. Almaniya klubu 2021-ci ilin iyul ayında 1.5 milyon avro ödəyərək yarımmüdafiəçinin transfer hüquqlarını da alıb. Ahamada Almaniya klubunda bütövlükdə 28 matça çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Kristal Pelas” hücumçusu Luke Planqeni də “Linkoln Siti”yə icarəyə verib. İngiltərədən olan 20 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Gənc forvard daha öncə “Derbi Kaunti” və “Molenbek”də də icarədə oynayıb. “Derbi Kaunti”nin yetirməsi olan futbolçu 2022-ci ilin yayında transfer olunduğu “Kristal Pelas”ın əsas komandasında debüt etməyib. O, İngiltərənin U-20 yığmasına da dəvət alır.