Qabriel Paulista Madrid “Atletiko”sunda – Rəsmi

İspaniyanın “Valensiya” klubunun mərkəz müdafiəçisi Qabriel Paulista La Liqanın digər təmsilçisi Madrid “Atletiko”suna keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı braziliyalı futbolçu azad agent kimi “Atletiko”ya qoşulub. O, yeni klubu ilə bu mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qabriel Paulista peşəkar karyerasına Braziliyanın “Vitoriya” klubunda başlayıb. O, “Vilyarreal”, “Arsenal” kimi klublarda da forma geyinib. 2017-ci ildən “Valensiya”da çıxış edən Paulista bu komandada 220 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Valensiya” mərkəz yarımmüdafiəçisi Koba Koindredini də Portuqaliyanın “Eştoril” klubuna satıb. La Liqa təmsilçisi 22 yaşlı futbolçunun satışından 2,6 milyon avro gəlir əldə edib. Əslən Cibutidən olan fransalı futbolçu “Lans”ın yetirməsidir. O, 2019-cu ildən “Valensiya”da çıxış edirdi. La Liqa klubunun əsas komandasında 19 oyun keçirmiş futbolçu 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, icarə əsasında “Real Ovyedo” və “Eştoril”də icarədə də olub. Koindredi Fransanın U-17, U-18 və U-19 yığmalarında da forma geyinib.

“Valensiya” gedənlərin əvəzində Madrid “Real”ının sağ cinah vingeri Peter Federikonu heyətinə qatıb. “Real Madrid Kastilya”da çıxış edən futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə “Valensiya”ya keçib. “Real”ın öz yetirməsi olan 21 yaşlı futbolçu paytaxt klubunun əsas komandasında da 3 oyun keçirib. Dominikanlı futbolçunun İspaniya vətəndaşlığı da var.