Qabriel Vidoviç “Bayern”i tərk etdi – Bu dəfə “Maynts”a görə

Almaniyanın “Bayern” klubunun hücumameyilli yarımmüdafiəçisi Qabriel Vidoviç icarə müqaviləsi əsasında “Maynts”a keçib.

Arena.az bu barədə “Maynts”ın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 20 yaşlı xorvatiyalı futbolçunu bu mövsümün sonadək satınalma şərti ilə icarəyə götürüb.

Futbola “Auqsburq”da başlasa da, “Bayern”in yetirməsi hesab olunan Qabriel Vidoviç, Münhen klubunun əsas komandasında cəmi 4 matça çıxıb, 1 assistlə yadda qalıb. O, son mövsümlərdə “Vitess” və “Dinamo” (Zaqreb) klublarında da icarədə olub. Vidoviç Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Maynts” “Volfsburq”un mərkəz müdafiəçisi Morits Yensi də icarəyə götürüb. 25 yaşlı almaniyalı futbolçu mövsümün sonunadək icarədə olacaq, yayda isə “Volfsburq”a dönəcək.

“Lozanna Sport”, “Loryan”, “Seltik”, “Şalke” kimi klublarda da oynamış Morits Yens, 2023-cü ildə 8 milyon avro müqabilində keçdiyi “Volfsburq”da 23 oyun keçirib, 1 assistlə yadda qalıb.

“Maynts” Belçikanın “Gent” klubunun hücumameyilli yarımmüdafiəçisi Honq Hyun-Soku isə 4 milyon avro müqabilində birdəfəlik transfer edib. Cənubi Koreya millisinin də üzvü olan 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. 2022-ci ildən “Gent”də çıxış edən yarımmüdafiəçi bu komandada 104 oyuna çıxıb, 18 qol vurub, 20 məhsuldar ötürmə verib. Hyun-Sokun millidəki karyerası isə 12 oyundan ibarətdir.

“Maynts” üç oyunçusunu da icarəyə verib. İsveçrə millisinin üzvü olan 28 yaşlı mərkəz müdafiəçisi Edimilson Fernandes “Brest”ə keçib. Almaniya yığmasının da üzvü olan hücumameyilli yarımüdafiəçi Marko Rixter (26 yaş) “Hamburq”a keçib. 23 yaşlı almaniyalı mərkəz yarımmüdafiəçisi Tom Krauss isə İngiltərənin “Luton Taun” klubuna keçib. Onların hər üçü bu mövsümün sonunadək icarədə olacaq. Satınalmaya dair şərt nəzərdə tutulmayıb.