Qadın güləşi: Azərbaycan millisi Buxarestdə 4-cü oldu!

Rumıniyanın paytaxtı Buxarestə təşkil olunmuş Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 10 çəkidən cəmi 5-ində təmsil olunmasına baxmayaraq, uğurlu çıxış edib.

Belə ki, 2 qızıl və 1 bürünc medal əldə edən yığmamız 83 xalla komanda hesabında 4-cü yeri tutub. Qadın güləşi üzrə millimiz yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalıb.

Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Buxarestə yollanan kollektiv Avropa çempionatlarında medalların əyarına görə son 10 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb

Xatırladaq ki, Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) Buxarestdə Avropa çempionu olublar. Mariya buna 10-cu dəfə, Alyona isə ilk dəfə nail olub. Elis Manolova (65 kq) isə bu qitə birinciliyində bürünc medal qazanıb. Yalnız Jalə Əliyeva (57 kq) və Birgül Soltanova Avropa çempionatını başa vurublar.

Azərbaycanın yunan-Roma güləşi üzrə yığması da Rumıniyadakı Avropa çempionatında uğurlu çıxış ediblər. Belə ki, Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Buxarestdən Avropa çempionu kimi ayrılıblar. Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) bu AÇ-də gümüş medalla kifayətləniblər. Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.