Qadın güləşi üzrə Azərbaycan millisi AÇ-də 5-ci oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Arena.az xəbər verir ki, yarışa məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçiylə yollanan millimiz uğurlu çıxış edib. Belə ki, 6 idmançımızdan 4-ü medal qazanıb.

Yekunda 93 xal toplayan yığmamız 5-ci yeri tutub. Türkiyə 143 xalla Avropa çempionu olub. Macarıstan (120) ikinci, Polşa (118) üçüncü, Moldova (96) isə dördüncü pillədə qərarlaşıb.

Qadın güləşi üzrə yığmamızın üzvlərindən Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, bu Avropa çempionatında yunan-Roma güləşi üzrə millimiz də uğurlu nəticəyə imza atmışdı. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub. Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatı martın 13-nə qədər davam edəcək. Qitə birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimlərindən Hicran Şərifov və Tural Əliyev də ədaləti qoruyur.