Qadın millisinin qapıçısı kişi çıxdı, şikayət etdilər

Qadın futbolçular arasında Asiya kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən İordaniya – İran matçında maraqlı hadisə baş verib. Arena.az xəbər verir ki, İran millisinin qapıçısının qadın yox, kişi olduğu üzə çıxıb.

Sosial şəbəkələrdə hətta sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkli də yayılıb. Görüntülərdən də qolkiperin qadından daha çox kişiyə bənzərliyi aşkar diqqət çəkir.

Qeyd edək ki, İran millisinin qapıçısı 4:2 hesabı ilə qələbə qazandıqları penaltilər seriyasında vacib qurtarışları ilə yadda qalıb. Qarşılaşmanın əsas vaxtı isə 0:0 hesabıyla bitib. İran bu qələbədən sonra 2022-ci ildə Tacikistanda keçiriləcək Asiya kubokunun final mərhələsində iştirak hüququ qazanıb.

Artıq İordaniya Futbol Federasiyası sözügedən məsələ ilə bağlı FİFA-ya şikayət ünvanlayıb.

Xatırladaq ki, İran futbolunda daha öncə də buna oxşar qalmaqallar olub. 2015-ci ildə qadınlardan ibarət İran milli komandasının 8 oyunçusunun cinsini dəyişdirən kişilər olduğu açıqlanmışdı. Bu iddialar üzə çıxandan sonra İran Futbol Federasiyasının rəsmilərindən biri millinin 8 oyunçusunun kişi olduğunu təsdiqləmişdi. Lakin o, həmin şəxslərin adını açıqlamaqdan imtina etmişdi.

İranda 1979-cu ildən etibarən insanların cinsiyyətini dəyişdirməsinə icazə verilir.