Şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının şəxsi Avropa çempionatında hansı heyətlə mübarizə aparacağı bəlli olub. Arena.az xəbər verir ki, Azərbaycanı qitə çempionatında 14 şahmatçı təmsil edəcək.
Medallar uğrunda bu şahmatçılarımız mübarizə aparacaqlar: Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova
Xatırladaq ki, qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatına Monteneqronun Petrovaç şəhəri ev sahibliyi edəcək. Turnirə martın 18-də start veriləcək. 11 turdan ibarət qitə çempionatında 35 ölkənin təmsilçiləri iştirak edəcək. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Çempionata martın 29-da yekun vurulacaq.


