Qaetano Kastrovilli və Nuno Tavares “Latsio”da

İtaliyanın “Latsio” klubu heyətini 3 yeni futbolçu – Qaetano Kastrovilli, Nuno Tavares və Fisayo Dele-Başiru ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Qaetano Kastrovilli “Fiorentina”dan azad agent kimi ayrılıb və “Latsio” ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Kastrovilli “Bari”nin yetirməsidir. 2017-ci ildən “Fiorentina”da çıxış edən 27 yaşlı mərkəz yarımmüdafiəçisi bu komandanın heyətində 131 oyuna çıxıb, 14 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Qaetano icarə əsasında “Kremoneze”nin də formasını geyinib. İtaliyanın U-20 və U-21 yığmalarında da oynamış Kastrovilli, əsas millidə 4 oyuna çıxıb.

Müqavilə ilə İngiltərənin “Arsenal” klubuna məxsus olan Nuno Tavares “Latsio”da icarə əsasında forma geyinəcək. İtaliya klubu 24 yaşlı sol cinah müdafiəçisini satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

“Benfika”nın yetirməsi olan Nuno “Arsenal”a 2021-ci ilin yayında 8 milyon avro qarşılığında keçib. O, London klubunun əsas komandasında cəmi 28 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. Tavares daha öncə Marsel “Olimpik”ində və “Nottingem Forest”də də icarədə olub. Portuqaliyanın U-18, U-19 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.

Fisayo Dele-Başiru da Türkiyənin “Hatayspor” klubundan icarəyə götürülüb. “Latsio” qarşıdakı mövsümün sonunda nigeriyalı hücumameyilli yarımmüdafiəçinin transfer hüquqlarını da almalıdır.

Dele-Başiru “Mançester Siti”nin yetirməsidir. “Şeffild Uensdey”də də forma geyinmiş 23 yaşlı futbolçu 2023-cü ilin yayından oynadığı “Hatayspor”da 39 oyuna 9 qol vurub, 6 assist müəllifi olub. O, ötən ildən formasını geyindiyi Nigeriya millisində də 2 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın