“Qalatasaray” Avropa Liqasında 1/8 finala yüksələ bilmədi

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edib.

Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə məhz bu gecə üz-üzə gəlib. Ağdam klubu səfərdə 4:2 hesabıyla qalib gəldiyi rəqibini bu dəfə doğma meydanda sınağa çəkib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu tarixi qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Amma ümumi hesabda 6:5 üstün olan “Qarabağ” 1/8 finala vəsiqə qazanıb.

Türkiyə çempionu “Qalatasaray” da Çexiyanın “Sparta” (Praqa) kollektivi ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda çətinliklə məğlub etdiyi bu rəqibi səfərdə mübarizədən kənarlaşdırmağa çalışıb. Amma böyük hesabla uduzan “Qalatasaray” Avroliqa ilə vidalaşıb.

Ən maraqlı oyunlardan biri də Niderland “Feyenoord”u ilə İtaliya “Roma”sı arasında baş tutub. Niderlanddakı ilk oyunda bərabərə qalmış komandalar bu dəfə İtaliya paytaxtında üz-üzə gəliblər. Bu dəfə də oxşar nəticə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Belədə, futbolçular penalti zərbələri vurmalı olublar. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri növbəti mərhələyə yüksəliblər.

İki oyunun nəticəsinə görə rəqiblərindən üstün olan “Frayburq”, “Milan”, “Benfika”, “Olimpik” (Marsel, Fransa) və “Sportinq” də 1/8 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Avropa Liqasında 1/8 mərhələsinin püşkatma mərasimi bu gün – fevralın 23-də baş tutacaq. Bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə ayın 14-də keçiriləcək.

Avropa Liqası
Pley-offun cavab oyunları

22 fevral

Frayburq (Almaniya) – Lans (Fransa) 3:2 (ilk oyun 0:0)
Qollar: Sallai, 67; 90+2. Qreqoriç, 99 – Da Kosta, 28. Vahi, 45+2.

Qarabağ (Azərbaycan) – Braqa (Portuqaliya) 2:3 (4:2)
Qollar: Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 – Rocer Fernandes, 70. Alvaro Djalo, 83. Simon Banza, 115-pen.

Renn (Fransa) – Milan (İtaliya) 3:2 (0:3)
Qollar: Buriqe, 11; 54-pen; 68-pen – Yoviç, 22. Leao, 58.

Tuluza (Fransa) – Benfika (Portuqaliya) 0:0 (1:2)

Roma (İtaliya) – Feyenoord (Niderland) 1:1, penaltilər 4:2 (1:1)
Qollar: Pelleqrini, 15 – S.Ximenes, 5.

Sparta (Praqa, Çexiya) – Qalatasaray (Türkiyə) 4:1 (2:3)

Olimpik (Marsel, Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 3:1 (2:2)
Qollar: Obameyanq, 23. Sarr, 74. Kondoqbia, 81 – Sudakov, 12-pen.

Sportinq (Portuqaliya) – Yanq Boyz (İsveçrə) 1:1 (3:1)
Qollar: Qyokeres, 13 – Qanvula, 84-pen.