Türkiyənin “Qalatasaray” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bundan sonra İstanbul təmsilçisinə Okan Buruk rəhbərlik edəcək.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2 illik (1+1 şərti ilə) müqavilə imzalanıb. Belə ki, Okan ilk mövsümündə 17 milyon TL qazanacaq. 2022/23 mövsümünün sonunda müqavilənin müddəti uzadılsa, təcrübəli mütəxəssisin növbəti mövsüm üçün qazancı 20 milyon TL təşkil edəcək.
Okan Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib. İspan mütəxəssis bu ilin yanvar ayında “Qalatasaray”ın baş məşqçisi təyin olunmuşdu. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi olsa da, sözləşməyə vaxtından öncə xitam verilib. Komanda bu mütəxəssisin rəhbərliyi altında cəmi 20 matça çıxıb. Bu oyunlarda 7 qələbə qazanan “sarı-qırmızılar”, 5 heç-heçəyə nail olub, 8 oyunda isə məğlub olub. İstanbul təmsilçisi geridə qalan mövsümdə 38 oyuna topladığı 52 xalla 20 kollektiv arasında 13-cü olub.
Xatırladaq ki, Okan Buruk “Qalatasaray”ın yetirməsidir. O, 1991-ci ildə peşəkar karyerasına başladığı bu komandada 2001-ci ilə qədər forma geyinib. 2001-2004-cü illər aralığında İtaliya “İnter”ində legioner həyatı yaşayan yarımmüdafiəçi ölkəsinə qayıtdıqdan sonra iki il “Beşiktaş”da çıxış edib. 2006-cı ildə isə o, yenidən “Qalatasaray”a dönüb. Karyerasının son iki ilində (2008-2010) isə futbolçu “Başakşəhər”in uğurları üçün çalışıb. Türkiyə yığmasında 56 oyun keçirmiş veteran futbolçu, 8 qol vurub.
Okan məşqçiliyə 2013-cü ildə başlayıb. Onun baş məşqçi kimi ilk iş yeri “Elazığspor” olub. Daha sonra “Qaziantepspor”, “Sivasspor”, “Göztəpə”, “Akhisarspor”, “Rizəspor” kimi kollektivlərə rəhbərlik etmiş Burukun son iş yeri “Başakşəhər” olub. O, 2019-2021-ci illər aralığında rəhbərlik etdiyi İstanbul təmsilçisinə 2019/2020 mövsümündə tarixinin ilk Türkiyə çempionluğunu yaşadıb. Okanın ondan əvvəlki ən ciddi uğuru isə 2017/18 mövsümündə isə “Akhisarspor”la Türkiyə kubokunun qalibi olmasıdır.


