“Qalatasaray” – “Fənərbaxça” matçı ilə bağlı yekun qərar

Futbol üzrə Türkiyə Super Kubokunun “Qalatasaray” – “Fənərbaxça” matçının keçirilmə tarixinə dair yekun qərar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İstanbul nəhəngləri aprelin 7-də üz-üzə gələcəklər. Sözügedən komandaların görüşü Şanlıurfadakı “11 Nisan” stadionunda keçiriləcək.

Qeyd edək ki, super kubok matçının bu tarixə təyin olunması “Fənərbaxça” tərəfindən müsbət qarşılanmayıb. Məsələ burasındadır ki, İstanbul nəhəngi aprelin 11-də Avropa Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq. Bu üzdən də “sarı-lacıvərdlilər” Türkiyə Futbol Federasiyasından super kubok görüşünün təxirə salınmasını istəyib. Amma TFF klubun bu istəyini qəbul etməyib.

Xatırladaq ki, Türkiyə Super Kuboku uğrundakı final oyunu 2023-cü ildə, dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin Səudiyyə Ərəbistanı rəhbərliyi ilə yaranan problemlərə görə oyun bu ölkədə baş tutmadı.

7 apreldə keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyunu iki əzəli rəqib arasındakı 399-cu qarşılaşma olacaq. 147 oyunun qalibi olaraq “Fənərbaxça” öz üstünlüyünü qoruyur. 127 oyunda heç-heçə qeydə alınıbsa, 125 görüş “sarı-qırmızılar”ın qələbəsiylə yekunlaşıb.

Bahar Rüstəmzadə