“Qalatasaray” ilk legioner transferini rəsmiləşdirdi

Türkiyənin “Qalatasaray” klubu rumıniyalı yarımmüdafiəçi Aleksandr Çikaldaunun transferini bitirib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Universitatya Krayova” klubundan transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçidə görə Rumıniya klubuna 6.5 milyon avro ödəyib. Çikaldaunu 2026-cı ilin yayından tez transfer etmək istəyən klub buna görə “Qalatasaray”a 25 milyon avro ödəməlidir.

Rumıniya yığmasının da üzvü olan Çikaldau, 2018-ci ildən “Universitatya Krayova”nın uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 43 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi son klubu ilə üç mövsüm ərzində bütövlükdə 129 matça çıxıb, 33 qol və 21 məhsuldar ötürmə müəllifi olub.

24 yaşlı futbolçu daha öncə “Vitorul Konstanta” komandasında da forma geyinib. O, millidə keçirdiyi 14 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, “Qalatasaray” daha öncə Aytaç Kara, Alpaslan Öztürk və Barış Alper Yılmazı da transfer etmişdi. İstanbul klubu fransalı sağ cinah müdafiəçisi Saşa Boy və niderlandlı sol cinah müdafiəçisi Patrik Van Anholtla da razılıq əldə edib. Onların da ən qısa zamanda Türkiyəyə gəlib rəsmi müqaviləyə imza atması gözlənilir.