Türkiyənin “Qalatasaray” və Azərbaycanın “Qarabağ” komandaları İstanbulda da yoldaşlıq oyunu keçirməyə qərar veriblər. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək jurnalistlərə açıqlamasında məlumat verib:
“Onları İstanbulda da dostluq oyunu keçirmək üçün dəvət etdim. Bakıda bizi çox yaxşı qarşıladılar. Buna görə təşəkkür edirəm. Bu iki klub bir-birini qardaş səviyyəsində çox sevir. “Qalatasaray” olaraq bu zəlzələ fəlakətinin yaralarını sağaltmaq üçün daha öncə müxtəlif addımlar atmışdıq. Bu matçın gəlirlərini də o bölgələrdə xərcləyəcəyik”.
Türkiyəli funksioner sözügedən komandaların qardaş klublara çevrilməsi ilə də bağlı ilkin razılığa gəldiklərini bəyan edib: “Hörmətli prezidentlə (Ağdam klubunun prezidenti Tahir Gözəli nəzərdə tutur – red.) razılaşdım. Qardaş klublar olmağa qərar verdik. Bunu gələn həftə istifadəyə verəcəyik”.
Dursun Özbək bu əməkdaşlığın bəzi detallarını da açıqlayıb. O, növbəti həftə bu yöndə təqdimat mərasimin keçiriləcəyini söyləyib: “İki qardaş ölkənin iki qardaş komandaları olaraq fəaliyyətlərimizi birləşdirəcəyik. Onlar Azərbaycanda, biz də Türkiyədə işbirliyi həyata keçirəcəyik. Biz mağazalarımızda “Qarabağ” formalarını satacağıq. Həmçinin bu komanda barədə azarkeşlərə məlumat verəcəyik. Onlar da Azərbaycanda bizim formalarımızı satacaqlar”.
Xatırladaq ki, ötən axşam Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısı qısa müddətdə satılmışdı. Bundan başqa, teleyayım və reklam gəlirlərinin də hamısı qardaş ölkəyə göndəriləcək.


