Türkiyənin “Qalatasaray” klubu braziliyalı yarımmüdafiəçisi Qustavo Assunsao ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 22 yaşlı futbolçu Super Liqa klubunda icarə əsasında çıxış edirdi. O, müqavilə ilə məxsus olduğu “Famalikan” klubuna qayıdıb.
Qustavo Assunsao 2021-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edirdi. “Sarı-qırmızılar” həmin vaxt onu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdülər. Lakin gözlənilən performansı sərgiləməyən yarımmüdafiəçi İstanbul təmsilçisində cəmi 2 oyuna çıxıb.
Assunsao Madrid “Atletiko”sunun yetirməsidir. O, 2019-cu ildən “Famalikan”ın uğurları üçün çalışırdı. Braziliyanın U-23 yığmasının da üzvü olan futbolçu, Portuqaliya klubunda bütövlükdə 68 matça çıxıb, 1 qol vurub.