“Qalatasaray” üçün ispan baş məşqçi

Türkiyənin “Qalatasaray” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, bir neçə gün öncə Fatih Terimlə yollarını ayıran İstanbul təmsilçisini bundan sonra Domenek Torren çalışdıracaq.

Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. İspaniyadan olan 59 yaşlı mütəxəssis artıq Türkiyəyə gəlib və komandanı məşqlərə çıxarır.

Domenek Torren son olaraq 2020-ci ildə Braziliyanın “Flamenqo” komandasına rəhbərlik edib. Ondan öncə isə o, ABŞ-ın “Nyu York Siti” klubunda baş məşqçi kimi çalışıb. “Barselona”, “Bayern” və “Mançester Siti” kimi klublarda Xosep Qvardiolanın köməkçisi olmuş Torren, əvvəllər İspaniyada aşağı liqa klublarında baş məşqçi işləyib.

“Qalatasaray” bu mövsüm uğursuz çıxışı ilə seçilir. İstanbul təmsilçisi 20 oyunda cəmi 27 xal toplayıb və 20 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.