Futbol üzrə Türkiyə Super Liqasının 15-ci turunda baş tutan “Kasımpaşa” ilə ev oyunu “Qalatasaray” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 1:0 hesabıyla qalib gəlməklə həm yeni rekorda imza atıb, həm də bir rekordu təkrarlayıb.
Nikolo Zaniolonun vurduğu yeganə qolla ardıcıl 14-cü qələbəsini qazanan “sarı-qırmızılar” Super Liqa tarixində yeni rekord müəyyənləşdiriblər. Belə ki, artıq ölkə çempionatında ardıcıl ən çox qələbəyə sevinən komanda məhz İstanbul təmsilçisidir. Bundan əvvəlki rekord “Beşiktaş”a məxsus idi – ardıcıl 13 qələbə.
“Qalatasaray” həm də Super Liqada İstanbul komandalarına qarşı keçirdikləri oyunlarda ardıcıl 9-cu qələbəsini qazanıb. Bununla da sözügedən klub əzəli rəqibi “Fənərbaxça”ya məxsus rekordu təkrarlayıb. Okan Burukun çalışdırdığı komanda “Fatih Karagümrük” ilə keçirəcəyi oyunda da qələbə qazanacağı halda bu rekordu da qırmış olacaq.
Xatırladaq ki, “Cim-Bom” bu mövsüm Super Liqa çərçivəsində 24 oyunda 60 xal toplayıb və vahid liderdir. “Fənərbaxça” 51 xalla ikinci, “Beşiktaş” isə 46 xalla üçüncü pillədə qərarlaşıb.
Sonda Super Liqanın liderinin 14 oyunluq qələbə seriyası dövründə məğlub etdiyi komandaların siyahısını təqdim edirik:
Fatih Karagümrük (səfərdə 2:0)
Beşiktaş (evdə 2:1)
Başakşəhər (səfərdə 7:0)
İstanbulspor (evdə 2:1)
Sivasspor (səfərdə 2:1)
Ankaragücü (evdə 2:1)
Fənərbaxça (səfərdə 3:0)
Hatayspor (evdə 4:0)
Antalyaspor (evdə 2:1)
Girəsunspor (səfərdə 4:0)
Ümraniyəspor (evdə 3:2)
Trabzonspor (evdə 2:1)
Qaziantep (səfərdə 3:0, texniki məğlubiyyət)
Kasımpaşa (evdə 1:0)


