Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçdi

Boks üzrə azərbaycanlı ədalət təmsilçisi, beynəlxalq dərəcəli referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Arena.az xəbər verir ki, ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

Bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) rəsmi saytı məlumat yayıb.

Qalib Əbiyev bu nailiyyətə fevralın 12-18-si aralığında Rumıniyanın Ploişti şəhərində keçirilən yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb. Beynəlxalq Boks Assosiasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Xatırladaq ki, Qalib Əliyevdən öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılmışdı.

ABF həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirəcəyini açıqlayıb.