Qara Qarayev “Ayın qolu” layihəsinin qalibi oldu

“Neftçi”nin dayaq yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində qalib olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Belə ki, Qarayevin Azərbaycan Premyer Liqsasının 35-ci turunda “Bayıl Arena”da “Səbail”ə vurduğu qol may ayının ən gözəl qolu seçilib. Bu münasibətlə PFL-in Texniki-idman direktoru Elgiz Abbasov təcrübəli yarımmüdafiəçiyə mükafatlar təqdim edib.

Xatırladaq ki, Qara Qarayev “Qarabağ”ın öz yetirməsidir. O, 2008-ci ildən “Neftçi”yə keçənə qədər Ağdam klubunun əsas komandasında çıxış edib. Təcrübəli futbolçu bu komandada 442 matça çıxıb. Dayaq yarımmüdafiəçisi bu oyunlarda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Qara Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub.

Qarayev “Neftçi”yə 2023-cü ilin iyul ayında azad agent kimi keçib. Onun paytaxt təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Qara bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Qara 2014-cü ildə debüt etdiyi Azərbaycan milli komandasında da 76 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.