Azərbaycan çempionu “Qarabağ” futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsünü qaldırıb. Bu təşəbbüs COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib.
Tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq. Tədbirin Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacağı diqqətə çatdırılıb.
Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılacaq və alyansda yer alan tərəfdaş klublar öz təcrübələrini paylaşacaqlar. Birgə alyansda yer alacaq komandalar noyabrın 15-də axşam saatlarında Bakıya təşrif buyuracaqlar. COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda Azərbaycan komandası ilə yanaşı, 10 klub yer alacaq.
Ağdam klubunun dəvəti ilə COP29-da iştirak edəcək klublar – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər. Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr reallaşdıran bu klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” də zəngin təcrübəsini digər klublarla bölüşəcək. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcəklər.



