“Qarabağ” 19 il əvvəlki rekordunu təkrarladı

Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. Arena.az xəbər verir ki, yubiley ölkə çempionatının 19-cu turunun “Turan Tovuz”la səfər oyununa (3:2) təsadüf edib.

Tovuzda baş tutan bu qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley topunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.

Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/99 mövsümünün müvafiq hissəsində 66 qola imza atıb.