“Qarabağ” 2024-cü ildə ilk məşqə çıxdı

Azərbaycan Premyer Liqasında qış fasiləsinə zirvədə yollanmış “Qarabağ” bu gün mövsümün ikinci yarısının hazırlığına start verib.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 18-ci turunun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda Bakıda bir araya gəlib.

“Azərsun Arena”da baş tutan yeni ilin ilk məşqində komandanın yeni transferi Aleksey İsayev də iştirak edib. O, ötən gün Ağdam klubu ilə 3,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ağdam təmsilçisinin qış təlim-məşq toplanışı paytaxt Bakıda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama oyunu keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Zirə” ilə görüşəcək. Bu matç yanvarın 15-də təşkil olunacaq.

Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları yanvarın 21-23-də keçiriləcək. Ağdamlılar 2024-cü ildəki ilk rəsmi matçda “Araz-Naxçıvan”ı qəbul edəcəklər.

“Qarabağ” mövsümün geridə qalmış hissəsində Premyer Liqa çərçivəsində 18 oyuna 13 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Ağdam təmsilçisi hazırda 41 xalla zirvədə qərarlaşıb.