“Qarabağ” 5:0 qalib gəldi, Azərbaycan Rusiyaya yaxınlaşdı

“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Cəbəllüttariqin “Linkoln” komandasına qarşı keçirdiyi cavab oyunundan 5:0 hesablı qələbə ilə ayrılıb.

Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 1.250 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,250 ballıq töhfə verib. “Qarabağ”la “Zirə” isə ölkə reytinqini 0,500 xalla zənginləşdiriblər. “Sumqayıt” isə yeganə oyunundan məğlubiyyətlə ayrıldığı üçün reytinqə bir faydası toxunmayıb.

Son 5 mövsümdəki ümumi əmsalı 18.000-ə çatan Azərbaycan reytinq cədvəlində 24-cü pillədə qərarlaşıb. Bizdən öndə 18,299 xala malik Rusiya qarşılaşıb ki, bu ölkənin klubları avrokuboklara buraxılmır. Bir sözlə, klublarımızın növbəti iki qələbəsi sayəsində Azərbaycanın Rusiyanı geridə qoyacağı dəqiqdir. 25-ci pillədə də 17.875 xala malik Slovakiya qərarlaşıb.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 34,400 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.