Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Neftçi” klubu dünya reytinqindəki mövqelərini yaxşılaşdırıblar.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
402 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.
Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var.
“Neftçi”də 20 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (60,75 xal) 398-ci yerdən 378-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Qarabağ” dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb. Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
Bir ay əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.
Azərbaycanın reytinqdəki digər komandası “Neftçi” isə 17-cidir.
Postsovet məkanı klublarının ilk “10-luğ”u:
1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal
2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,5
3 (190). “Şerif” (Moldova) – 90,5
4 (207). “Zarya” (Ukrayna) – 85,5
5 (213). “Pünik” (Ermənistan) – 84,5
6 (221). RFS (Latviya) – 83,5
7 (226). “Riqa” (Latviya) – 82,5
8 (238). “Dnepr-1” (Ukrayna) – 79,25
9 (283). “Panevejis” (Litva) – 70
10 (301). “Urartu” (Ermənistan) – 68
Türkiyə klublarından yalnız “Fənərbaxça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 208,5 xal olan birincilər 18-ci pilləyə yüksəliblər. “Qalatasaray” isə 200 xalla dünyanın 26-cı komandasıdır.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (313 xal) ikincidirsə, İtaliyanın “İnter” (307 xal) kollektivi üçüncü yerdədir.