Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində oynamaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinə yüksəlməklə nail olublar.
Ağdam klubu bununla da qitə miqyaslı turnirlərin əsas raunduna vəsiqəni təmin edib. Azərbaycan çempionu “Linkoln” səddini keçməklə ən azı Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. 3-cü təsnifat mərhələsində qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin əsas raunduna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuzun Avropa Konfrans Liqasının əsas mərhələsində iştirakını rəsmiləşdirəcək.
“Qarabağ” ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas raundunda oynayacaq. Əvvəlki 10 mövsümdə pley-offdan sonra qrup mərhələsi başlayırdısa, cari mövsümdən etibarən 36 komandanın qatılacağı Liqa mərhələsi təşkil olunacaq.
Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk qarşılaşma bolqarların 2:0 hesablı ev qələbəsiylə yekunlaşıb. Cavab görüşü iyulun 31-də Minskdə təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Xatırladaq ki, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”u səfərdə 2:0, doğma meydanda isə 5:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də keçiriləcək. Cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq. “Qarabağ” növbəti raunddakı ilk matçını evdə, cavab görüşünü səfərdə keçirəcək.