Tarixində ilk dəfə avrokubokların 1/8 finalında oynamaq hüququ qazanmış “Qarabağ”ın bu mərhələdəki rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Avropa Liqasında 1/8 final mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılıb.
Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Ağdam klubunun da rəqibi bəlli olub. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşa bilərdi. Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer” (Almaniya) idi.
Püşk nəticəsində Azərbaycan çempionunun bəxtinə Almaniya təmsilçisi “Bayer” düşüb. Ağdam klubu ilk oyunu evdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə baş tutacaq.
Maraqlıdır ki, “Bayer” bu mövsüm Avropa Liqasının qrup mərhələsində də Azərbaycan çempionunun rəqibi idi. Komandamız hər iki oyunda bu rəqibinə məğlub olmuşdu – səfərdə 1:5, doğma meydanda 0:1 hesabıyla.
Yeri gəlmişkən qeyd edək ki, püşkatma mərasimində Ağdam klubunun prezidenti Tahir Gözəl və klubun digər əməkdaşları da iştirak ediblər.
Avropa Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.
Avropa Liqası
18 final
“Sparta” (Praqa, Çexiya) – “Liverpul” (İngiltərə)
“Olimpik” (Marsel, Fransa) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
“Milan” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya)