“Qarabağ” Avroliqanın Liqa mərhələsi üçün iştirak ərizəsini açıqladı

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb. Baş məşqçi Qurban Qurbanov əsas mərhələ üçün 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu seçib.

Ağdam təmsilçisi yeni transferləri Emmanuel Addai ilə Aleksey Kaşuku da sifariş edib. Əvəzində qapıçılar Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanov, eləcə də albaniyalı hücumçu Redon Cica və seneqaləsilli fransalı vinger Hamidu Keyta sifariş ərizəsində yer almayıblar. Buna səbəb onların zədədən əziyyət çəkmələri və tam hazır olmamalarıdır.

Qeyd edək ki, ilk qarşılaşmasını sentyabrın 26-da səfərdə keçirəcək “Qarabağ” İngiltərə təmsilçisi “Tottenhem”lə qarşılaşacaq. Ardınca Qurban Qurbanovun yetirmələri evdə “Malmö” (İsveç) və “Ayaks”la (Niderland), səfərdə “Bodo Qlimt”lə (Norveç) görüşəcək. Lion “Olimpik”ini (Fransa) qəbul etdikdən sonra “Elfsborq”un (İsveç) qonağı olacaq Azərbaycan çempionu son iki oyununu 2025-ci ildə keçirəcək. “Köhlən atlar” evdə “Styaua” (Rumıniya), səfərdə “Olimpiakos”la (Yunanıstan) üz-üzə gələcək.

Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.