Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, Bakıda keçiriləcək bu qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Qrem Stüart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qrem yerinə yetirəcək.
Kevin Klensi bu oyunda VAR, Con Biton isə AVAR kimi çalışacaq.
Hakim-inspektor funksyası Mehmet Murat İlqaza (Türkiyə) tapşırılıb. UEFA nümayəndəsi isə Aldi Topçiu (Albaniya) olacaq.
Xatırladaq ki, Nikolas Uolş daha əvvəl iki dəfə Azərbaycan klublarının matçına təyinat alıb. 34 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin evdə Gürcüstanın “Dinamo” (Tiflis) komandasına 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.
Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə “Qarabağ”ın Belçikada “Gent”ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, Azərbaycan və Niderland nəhənglərinin oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
24 oktyabr
“Qarabağ” – “Ayaks”
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Qrem Stüart, Kalum Spens
Dördüncü hakim: Kristofer Qrem
VAR: Kevin Klensi
AVAR: Con Biton (Hamısı Şotlandiya).
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə).
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45.



