“Qarabağ” Bakıda başlayıb, Avstriyada bitirəcək

2023/2024 mövsümünü “qızıl dubl”la başa vurmuş “Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq. Texniki heyət tərəfindən komandanın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, “Qarabağ” 2023/2024 mövsümündə həm Azərbaycan Premyer Liqasının, həm də Azərbaycan Kubokunun qalibi olub. Qurban Qurbanovun kollektivi avrokuboklarda da uğurlu çıxışı ilə diqqət çəkib.