“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Arena.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 7-ci turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.
“Köhlən atlar” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.
Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.
Qeyd edək ki, Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.
Ağdam klubunun müdafiəçisi Bəhlul Mustafazadə isə Azərbaycan çempionatında 100-cü matçını keçirib. 25 yaşlı futbolçu “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.
Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.
Bu matçda həm də Azərbaycan çempionatları tarixinin 38-ci pokeri qeydə alınıb. Belə ki, Musa Qurbanlı “Zirə” ilə qarşılaşmada meydan sahiblərinin qapısına 4 qol vurub.
Bu təkcə cari deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub. AZAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə – 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub.
Sonda onu da qeyd edək ki, Musa Qurbanlı Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oğludur.
