“Qarabağ” “Braqa”ya uduzsa da, Azərbaycana xal qazandırdı

“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşdığı Portuqaliyanın “Braqa” komandası ilə ev oyununda 2:3 hesabıyla məğlub olub.

Amma səfərdə keçirilmiş ilk oyunda 4:2 hesablı qələbəyə imza atmış Azərbaycan çempionu ümumi hesabda 6:5 üstün olduğu üçün, 1/8 finala yüksəlib.

Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb (+0.250).

Bu bonusdan sonra ölkəmizin cari mövsümdəki əmsalı 5,625-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsalların sayı 19,875-ə bərabərdir. Bununla Azərbaycan UEFA reytinqində Slovakiyadan aralanıb. Hazırda əsas izləyicimizin əmsalı 19,625-ə bərabərdir və avrokuboklarda təmsilçisi qalmayıb.

Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 4,500 xalı isə məhz “Qarabağ” təkbaşına əldə edib.

Reytinq cədvəlinə yenə İngiltərə (100,803) başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb. Yeri gəlmişkən, avrokubokların bu həftə baş tutan oyunlarından sonra İtaliya təmsilçilərinin hamısının (7) mübarizəni davam etdirdiyi yeganə ölkədir. Digər “böyük beşlik” ölkələrindən Almaniya (81,767) dördüncü, Fransa (63,831) isə beşinci sıradadır. Türkiyə 37,600 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər. Qrup mərhələsini və sonrakı mərhələləri adlayan komandalar isə bu uğura görə də bonuslar alırlar.