“Qarabağ” braziliyalı yarımmüdafiəçi ilə gücləndi

Azərbaycan çempionu “Qarabağ” heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirib. Arena.az xəbər verir ki, Ağdam klubu Julio Romaonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dayaq yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Romao yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Ağdam təmsilçisi Romaonu Portuqaliyanın “Santa Klara” klubundan transfer edib. 24 yaşlı futbolçu 2020-ci ildən sözügedən komandada forma geyinirdi. Romaonun “Santa Klara” ilə müqaviləsi 2023-cü ilə qədər olduğundan Ağdam klubu Portuqaliya təmsilçisinə transfer pulu ödəyəcək. “Transfermarkt” saytı yarımmüdafiəçinin transfer dəyərini 200 min avro olduğunu yazıb.

“Qarabağ” Julio Romaonu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edəcək. Onun bu yay Serbiya “Partizan”ına keçən Patrik Andradenin mövqeyində oynayacağı gözlənilir.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə ilk oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab matçı isə 1 həftə sonra İsveçrədə keçiriləcək.

Xatırladaq ki, “Qarabağ” Romaodan öncə yalnız Marko Yankoviçi transfer etmişdi. Kevin Medina, Riçard Almeyda və Luka Quqeşaşvili ilə yeni müqavilə bağlayan Ağdam klubu, Xayme Romero və Patrik Andrade ilə də yollarını ayırıb. Həmçinin ölkə çempionu Zamiq Əliyevi “Kəpəz”ə, Rüstəm Əhmədzadəni isə “Zirə”yə icarəyə verib.