“Qarabağ” bu gün Avroliqanın 1/8 finalındakı rəqibini tanıyacaq

Tarixində ilk dəfə avrokubokların 1/8 finalında oynamaq hüququ qazanmış “Qarabağ”ın növbəti rəqibi bu gün müəyyənləşəcək.

Arena.az xəbər verir ki, Avropa Liqasında 1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə Ağdam klubunun da rəqibi bəlli olacaq. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.

Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer”dir (Almaniya).

Rəqibin kimliyindən asılı olmayaraq, Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.

Səpələnmişlər: “Atalanta” (İtaliya), “Brayton” (İngiltərə), “Bayer” (Almaniya), “Liverpul” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə).

Səpələnməmişlər: “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Frayburq” (Almaniya), “Olimpik” (Marsel, Fransa), “Qarabağ” (Azərbaycan), “Roma” (İtaliya), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya).

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.