“Qarabağ” bu gün “Linkoln”u qəbul edəcək

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”la mübarizə aparır.

Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ikinci duelidir. Daha öncə bu iki ölkənin təmsilçiləri cəmi bir dəfə üz-üzə gəliblər. Həmin vaxt da məhz “Qarabağ” və “Linkoln” komandaları qarşılaşıblar. Ağdam təmsilçisi 2023/2024 mövsümündə məhz Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşdığı bu rəqibini səfərdə 2:1, evdə isə 4:0 hesabıyla yenərək mərhələ adlamışdı.

Elə də dəfə də duelin aşkar favoriti Azərbaycan çempionu sayılır. Təmsilçimiz cütün taleyini səfərdə həll edib desək, yanılmarıq. Belə ki, ağdamlılar Cəbəllüttariqdəki görüşdə 2 cavabsız qola seviniblər. Belədə, mərhələ adlamaq üçün Azərbaycan çempionuna evdə hətta heç-heçə də bəs edir. Amma ölkə reytinqinə qələbələrlə töhfə verməyi xoşlayan Ağdam klubunun cırtdan ölkə təmsilçisini doğma meydanda da məğlub etməsi hər kəsin gözlədiyi bir nəticədir.

Qeyd edək ki, bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. Maraqlıdır ki, məğlub olan tərəf də Avroliqanın 3-cü təsnifat mərhələsində məhz “Lüdoqorets” – “Dinamo” cütünün uduzanı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Yakob Sundberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:0.