“Qarabağ” gerilədi, “Zirə” irəlilədi – Yeni reytinq

Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Zirə”, “Neftçi” və “Sabah” klubuların dünya reytinqindəki yeni mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

502 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 182,75 xal toplayaraq 34-cü yerdən 52-ci yerə düşüb. “Qarabağ”ı “Real Sosyedad” və “İndependiente” (Medellin) (hər biri 185) qabaqlayıb. Azərbaycan çempionu “Kruzeyro”nu (181) geridə qoyub.

“Zirə” isə böyük sıçrayışla 280-ci yerdən 211-ci yerə yüksəlib (91,25). Rəşad Sadıqovun rəhbərlik etdiyi komandadan bir pillə yuxarıda Rumıniyanın “Otselul” və “Klaksvik” (hər biri 91,5) klubları yer alıb. Kolumbiyanın “Onse Kaldas” (91) komandası isə təmsilçimizdən geridədir.

“Sabah” İsveçrənin “Sürix”, Türkiyənin “Antalyaspor” və Polşanın “Şlensk” klubları ilə birgə 59-cu pilləni bölüşür. Təmsilçimiz 382-ci yerdən 428-ci yerə (59) düşüb. Türkmənistanın “Altın Asır”ı daha yüksəkdə (59,25), aşağıda isə Cənubi Koreyanın “Qanqvon”u və Hondurasın “Marafon” (hər biri 58,75) komandaları yer alıb.

“Neftçi” isə Konqonun “Maniema Union” və Türkiyənin “Kayserispor” klubları ilə (hamısı – 53,5) şərik olmaqla 431-ci yerdən 482-ci yerə düşüb. “Neftçi” Ukraynanın “Rux”, Şimali Makedoniyanın “Struqa” (hər biri 54) komandalarını qabaqlayıb.

Qeyd edək ki, dünya reytinqinə İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Real” (403 xal) başçılıq edir. İngiltərə təmsilçisi “Mançester Siti” (368 xal) ikinci, Almaniyanın “Bayer” (353 xal) kollektivi üçüncüdür.

  1. Real (İspaniya) – 403
  2. Mançester Siti (İngiltərə) – 368
  3. Bayer (Almaniya) – 353
  4. Atalanta (İtaliya) – 318
  5. Barselona (İspaniya) – 270
  6. Atletiko (Madrid, İspaniya) – 266
  7. Borussiya (Dortmund, Almaniya) – 264
  8. Bayern (Almaniya) – 256
  9. İnter (İtaliya) – 254
  10. Arsenal (İngiltərə) – 253