Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – HJK oyunundan öncə mətbuat konfransları və açıq məşqlər baş tutacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu artıq bu tədbirlərin başlama saatını açıqlayıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Qurban Qurbanovun mətbuat konfransı avqustun 9-da “Azersun Arena”da baş tutacaq. Tədbirə saat 18:10-da start veriləcək. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) başlayacaq.
Qonaq komandanın mətbuat konfransı isə 19:30-da, açıq məşqi 20:00-dа Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
“Qarabağ”ın Finlandiya təmsilçisi HJK ilə ilk oyunu avqustun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.
Cavab görüşü isə bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.


