“Qarabağ” Luka Quqeşaşvili ilə gücləndi

“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirib. Arena.az xəbər verir ki, Ağdam klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb. Amma Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur. Bir sözlə, satınalma şərti ilə icarəyə götürülmüş qolkiper özünü yaxşı tərəfdən göstərə bilsə, növbəti mövsümlərdə də Azərbaycan təmsilçisinin uğurları üçün çalışacaq.

Luka Quqeşaşvili Tiflis “Dinamo”sunun yetirməsidir. 2016-cı ilin yanvarında o, Polşa “Yagelloniya”sına keçib. Gənc qolkiper “Qarabağ”dan öncə “Podlasie, “Dila”, “Rekre Qranada” kimi komandalarda da icarədə oynayıb. Gürcü futbolçu “Qarabağ”da 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsinə çıxan kimi əsas qapıçıları – Şahruddin Məhəmmədəliyev və Emil Balayev əməliyyat olunub. Onların dəqiq nə vaxt sıraya dönəcəyi bəlli deyil. Bu üzdən də Ağdam klubunun qışda heyətinə yeni qapıçı cəlb etməsi gündəmdə idi.