“Qarabağ”ın Avropa Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Malmö”yə qarşı keçirəcəyi oyunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan referilər təyinat alıblar.
Matçı Anastasios Papapetru idarə edəcək. Ona yan xətt hakimləri Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcəklər. Aleksandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da Angelos Evangelu ilə Atanasios Tsilos çalışacaqlar.
Qeyd edək ki, Anastasios Papapetru ilk dəfə “Qarabağ”ın oyununu idarə edəcək. Amma o, daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.
39 yaşlı FIFA referisi 2015/2016 mövsümündən etibarən UEFA-nın bayrağı altında keçirilən yarışlara təyinat almağa başlayıb. O, Azərbaycan yığmasının 2022-ci ildə UEFA Millətlər Liqasında Belarusa qarşı matçını idarə edib. Həmin vaxt Canni de Byazinin rəhbərlik etdiyi millimiz rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Yunanıstanlı hakim bu matçda Mahir Emrelini cəzalandırıb. O, görüşün 77-ci dəqiqəsində hücumçuya sarı vərəqə göstərib. Bu, oyunda göstərilən yeganə vərəqə olub.
Papapetru Azərbaycan millisinin daha bir matçında iş başında olub. O, 2023-cü ildə UEFA Millətlər Liqasının Bakıda baş tutan Azərbaycan – Avstriya oyununda dördüncü hakim kimi fəaliyyət göstərib. Bu görüş qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Referi Avropa səviyyəli yarışlar, həmçinin Yunanıstan çempionatı ilə yanaşı, bir dəfə İsveçrədə də idarəçilik edib. 2018-ci ildə “Sürix” – “Syon” matçında iş başında olub.
“Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.