“Qarabağ” Norveç səfərindən 1 xalla qayıdır!

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu 5-ci tur çərçivəsində səfərdə Norveçin “Molde” komandası ilə qarşılaşıb.

Molde şəhərindəki “Aker” stadionunda keçirilən oyunu Belçikadan olan hakimlər briqadası idarə edib.

“Molde” Avroliqanın qrup mərhələsinə ardıcıl iki məğlubiyyətlə başlamışdı. Sözügedən komanda ilk oyununda elə Azərbaycan çempionuna Bakıda 0:1 hesabıyla məğlub olmuşdu. Daha sonra doğma meydanda Almaniyanın “Bayer” komandasına qarşı oyun da uğursuz alınmışdı – 1:2. Son iki oyunda isə “Molde” İsveç “Hakken”inə həm evdə (5:1), həm də səfərdə (3:1) qalib gəlmişdi. Bu da sözügedən komandanın yüksəlişdə olmasından xəbər verirdi.

“Qarabağ” isə əksinə, “Molde”dən sonra səfərdə İsveç “Hakken”inə də 1:0 hesabıyla qalib gəlmişdi. Ardından komandamız Almaniyanın “Bayer” klubu ilə görüşlərdə uğursuz nəticələrə imza atmışdı – 1:5, 0:1.

Hər iki komandanın hesabında 6 xal vardı. Amma təmsilçimiz əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşmışdı. Qalib gələn tərəf böyük ölçüdə qrup ikinciliyini təmin etmiş olacaqdı. Heç-heçə isə Azərbaycan çempionunu mövqeyində saxlayacaqdı.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv çətin səfərdə hesabı açan tərəf olsa da, sonluq bir qədər uğursuz alınıb. Belə ki, son 10 dəqiqədə iki qol vurmağa nail olan meydan sahibləri hesabda önə keçiblər. Ruhdan düşməyən Azərbaycan təmsilçisi əlavə vaxtda hesaba tarazlıq gətirməyi bacarıb. Beləcə, “Qarabağ” çətin səfərdən vacib heç-heçə ilə qayıtmaqla ikinci pillədəki mövqeyini qoruyub. Bu, həm də təmsilçimizin ən azı Avropa Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etməsinə şərait yaradıb.

Qeyd edək ki, bu gün qrupun digər matçında “Hakken” doğma meydanda “Bayer”lə üz-üzə gəlib. İtkisiz irəliləyən Almaniya təmsilçisi bu oyundan da qalib ayrılmağı bacarıb – 2:0.

Avropa Liqası
H qrupu, 5-ci tur
30 noyabr

“Molde” – “Qarabağ” 2:2
Qollar: Kristian Eriksen, 82; 87 – Olavio Juninyo, 12. Bəhlul Mustafazadə, 90+5.
Baş hakim: Erik Lambrexts (Belçika).
Molde. “Aker” stadionu.

Molde: 12. Oliver Petersen, 3. Kasper Öyvann, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem (k), 9. Veton Berişa (10. Erik Kitolano, 70), 16. Emil Breyvik, 19. Eyrik Hauqan, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem (33. Niklas Edeqor, 58), 28. Kristoffer Hauqen, 31. Matias Lovik.
Ehtiyat oyunçular: 34. Peter Lervik, 2. Martin Byörnbak, 25. Anders Haqelskyaer, 36. Filip Kristoffersen, 37. Leon Hovland, 46. Andreas Miklebust, 50. Qustav Niheym.
Baş məşqçi: Erlinq Moe

Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya (27. Toral Bayramov, 77), 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo (19. Redon Cica, 60), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina (55. Bədavi Hüseynov, 77).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.