“Qarabağ” qələbə, “Kür” və “Azəryol” məğlubiyyətlə başladı

Azərbaycanın qadın həndbolçulardan ibarət “Qarabağ”, “Azəryol” və “Kür” komandaları bu gün avrokubok mövsümünə start veriblər.

Arena.az xəbər verir ki, “Qarabağ” Avropa kubokunun 2-ci mərhələsinin ilk oyununda Lüksemburqun “Differdanj” komandası ilə üz-üzə gəlib.

Bugünkü görüşdə meydan sahibi olan təmsilçimiz qələbə qazanıb. Bu komandalar arasında sabah baş tutacaq cavab oyunu da Bakıda keçiriləcək.

“Azəryol” da Avropa kubokunun 2-ci mərhələsində ilk oyununa çıxıb. Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə görüşüb. Görüş Ukrayna həndolçularının üstünlüyü ilə keçib. Təmsilçimiz 22:36 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandaların da hər iki qarşılaşması paytaxtımızda baş tutacaq. “Azəryol” ilk oyunda meydan sahibi sayılıbsa, sabah baş tutacaq cavab oyununda qonaq statusunda çıxış edəcək.

“Kür” komandası isə startda Yunanıstanın “İonias” komandası ilə qarşılaşıb. Razılığa əsasən, hər iki matç Afinada keçiriləcək. “Kür” ilk görüşdə nominal meydan sahibi olub. Oyuna yaxşı başlayan komandamız ikinci hissənin sonuna yaxın üstünlüyü əldən verib. Yunan həndbolçuları 32:25 hesabı ilə qələbə qazanıblar. Cavab oyunu sabah keçiriləcək.

Avropa kuboku
2-ci mərhələnin ilk oyunları
5 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) – 27:24 (16:14)
Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan)
Bakı. “AHF Arena”.

“Azəryol” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) – 22:36 (12:15)
Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)
Bakı. “AHF Arena”.

19:00. “Kür” (Azərbaycan) – “İonias” (Yunanıstan) – 25:32 (14:14)
Hakiimlər: Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro)
Afina. “Nea İonia Gimnastrium”.