Futbol üzrə Azərbaycan və Türkiyə çempionatlarının liderləri – “Qarabağ” və “Qalatasaray” komandaları yoldaşlıq oyunu keçirəcəklər. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıblar.
Belə ki, bu komandalar martın 26-da Bakıda üz-üzə gələcəklər. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Xeyriyyə məqsədi daşıyan oyuna saat 20:00-da start veriləcək. Həmin dövrdə milli komandaların oyunları ilə əlaqədar həm Azərbaycan Premyer Liqasında, həm də Türkiyə Super Liqasında fasilə olacaq.
Ağdam klubu bu matçla bağlı “Facebook” hesabında “Yoldaşlıq deyil, qardaşlıq oyunu” sözlərini qeyd edib. Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.
Türkiyə təmsilçisi də “Twitter” hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da matçdan əldə olunacaq gəlirin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Azərbaycan Premyer Liqasında 26 oyuna topladığı 68 xalla vahid liderdir. “Qalatasaray” da Türkiyə Super Liqasında 24 oyuna 60 xalla ilk pillədə qərarlaşıb.



