“Qarabağ”ın bu yay yollarını ayırması gözlənilən hücumçusu Ramil Şeydayevə komandada qalmaq üçün nə qədər maaş təklif etdiyi bəlli olub.
Arena.az xəbər verir ki, Ağdam klubunun rəhbərliyi Azərbaycan millisinin hücumçusuna son olaraq illik 400 min AZN maaş təklif edib.
Amma 27 yaşlı hücumçu bu təklifi də bəyənməyib. Onun daha öncə indiki klubundan ilinə 600 min manat istədiyi bəlli idi. Lakin “Qarabağ” rəhbərliyi Şeydayevə 400 min manatdan artıq ödəmək istəmir. Bu üzdən də təcrübəli futbolçu mövsüm bitən kimi komandadan ayrılmağa qərar verib.
Millimizin hücumçusunun yeni iş yeri də artıq məlumdur. O, Asiya ölkəsinə yollanır. Həm də illik 1 milyon dollar maaşa! Şeydayev Tailandın son çempionu “Buriram Yunayted”lə anlaşıb. O, artıq yeni klubu ilə 2 illik müqavilə də bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar. Azərbaycanda mövsüm bitəndən sonra Tailanda yollanacaq hücumçu yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Xatırladaq ki, Ramil Şeydayev 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışır. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 116 oyuna çıxıb. Hücumçu bu oyunlarda 37 qol vurub, həmçinin 12 asist müəllifi olub. O, daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 52 oyuna çıxıb, 9 qola imza atıb.