Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Styaua” oyununun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, Bakıda baş tutacaq bu qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona yan xətt hakimləri Daniel Polaçek və Peter Bednar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək. VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.
Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.
Yeri gəlmişkən qeyd edək ki, Filip Qlova daha əvvəl də Azərbaycan təmsilçilərinin matçına təyinat alıb. 35 yaşlı ədalət təmsilçisi Azərbaycanın əsas və U-21 yığmasının, həmçinin “Qarabağ”ın avrokubok görüşündə iş başında olub.
İlk belə matç 2018-ci ilə təsadüf edib. U-21 FIFA referisinin idarə etdiyi Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmasında səfərdə İrlandiyaya uduzub – 0:1
Qlova 2019-cu ildə ölkəmizə gəlib. O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – APOEL (Kipr) oyununun (2:2) baş hakimi olub.
2016-cı ildən beynəlxalq təyinat alan ədalət təmsilçisi 2020-ci ildə Azərbaycan millisinin səfərdə Kipri 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fit çalıb.
“Qarabağ” – “Styaua” matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.
Hazırda Avroliqanın Liqa mərhələsinin turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, Rumıniya təmsilçisi isə 11 xalla 10-cu sırada qərarlaşıb.



 
                     
                     
                    













































