“Qarabağ” tarix yazmağa davam edir: həm rekorda, həm ilkə imza atdı

“Qarabağ” futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib. Arena.az xəbər verir ki, buna H qrupunun digər oyununda bu gün İsveçrənin “Bazel” komandasının Kiprdə “Omoniya” ilə heç-heçə etməsi şərait yaradıb.

Nikosiyadakı görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar. Amma İsveçrə klubu ikinci hissənin əvvəlində məğlubiyyətdən xilas olmağı bacarıb.

Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qrupda ilk iki pillədən birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla birinci pillədə qərarlaşan Ağdam klubu “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.

Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Avropa Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

H qrupunda liderin kimliyinə isə son iki turun görüşləri aydınlıq gətirəcək. “Qarabağ” son iki oyununda “Omoniya” ilə evdə, “Bazel”lə səfərdə qarşılaşacaq.

Ağdam klubu Azərbaycan futbolunda ilkə imza atmaqla yanaşı, yeni rekord da müəyyənləşdirib. Almatıdakı 2:1 hesablı qələbə ilə Ağdam təmsilçisi xalını 10-a çatdırıb. Bu, bir Azərbaycan klubunun avrokubokların qrup mərhələsində topladığı ən yüksək xaldır.

Bundan əvvəlki rekord da “Qarabağ”a məxsus idi. Qurban Qurbanovun komandası Avropa Liqasının 2016/17 mövsümündə 7 xal toplamışdı.