“Qarabağ” tarixi şansı dəyərləndirə biləcəkmi?

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/8 finalına vəsiqə uğrunda Portuqaliya təmsilçisi ilə mübarizə aparır.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu ötən həftə səfərdə keçirib. Bu matç Azərbaycan tarixinə Avropa Liqasındakı ilk pley-off matçı kimi düşüb. Bu tarixi qarşılaşma tarixi nəticə ilə də başa çatıb. Belə ki, Ağdam klubu səfərdə adlı-sanlı rəqibinə 4:2 hesabıyla qalib gəlməklə bütün Avropaya səs salıb.

Tarixində ilk dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ” uğurunun davamını gətirməklə bu turnirin 1/8 finalına da yüksələ və növbəti tarixi uğura imza ata bilər. Son iki mövsümdə avrokubokların yaz fəslinə qalan, amma mərhələ adlaya bilməyən komandamız bu çətin işin öhdəsindən gəlməyə çox yaxındır. Bunun üçün Azərbaycan çempionuna Bakıdakı görüşdə nəinki heç-heçə, hətta minimal fərqlə məğlubiyyət də kifayət edəcək.

Xatırladaq ki, “Braqa” Portuqaliya çempionatında 22 turdan sonra 43 xalla 4-cü pillədə qərarlaşıb. 13 qələbə qazanmış komanda 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Ağdam klubu isə bu baxımdan rəqibindən daha inamlı təsir bağışlayır. Portuqaliya və Azərbaycan çempionatları arasındakı səviyyə fərqi böyük olsa da, hər halda Ağdam təmsilçisi cari mövsümdə 22 oyuna topladığı 51 xalla vahid liderdir və ən yaxın izləyicisini 15 xal qabaqlayır.

Avropa Liqası
Pley-offun cavab oyunu
22 fevral

21:45. “Qarabağ” – “Braqa”
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov (Bolqarıstan)
Dördüncü hakim: Nikola Popov (Bolqarıstan)
VAR: İvaylo Stoyanov (Bolqarıstan)
AVAR: Draqomir Draqanov (Bolqarıstan)
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:2.